Hipovolemiya

Hipovolemiya

Su bədən ağırlığının 50- 60 % -ni təşkil edir. Bədəndə olan bütün suyun 55 – 75 % -i hüceyrə daxili mayeni və 25 -45 %- i isə hüceyrə xarici mayeni təşkil edir. Hüceyrə xarici maye intravaskulyar ekstravaskulyar olmaqla ikiyə ayrılır. Homeostazı qorumaq üçün maye tarazlığını təmin etmək lazımdır. Hipovolemiya , həm su həm də natrium səviyyələrində azalma ilə müşahidə olunan hüceyrə xarici maye həcminin azalmasını ifadə edir. Dehidratasiya isə ümumi bədəndə olan maye həcminin azalmasını göstərir.

Etiologiyası : Hipovolemiyanın etiologiyası renal və ekstrarenal olmaqla iki qrupa ayrılır.

Renal:

  • Diuretiklərin həddən artıq istifadəsi
  • Mineralokortikoid defisiti
  • Ketonuria
  • Osmotik diurez
  • Serebral duz itkisi sindromu (Cerebral salt wasting syndrome )
  • Duz itirən nefropatiyalar (Salt-wasting nephropathies )

Ekstrarenal :

  • Qusma
  • Diareyya
  • Mayenin üçüncü boşluğa axması
  • Yanıqlar
  • Pankreatit
  • Travma
  • Qanaxma

Müayinə: Bir xəstənin hipovolemiyasını müalicəyə uyğun nizamlamaq üçün etiologiyasını dəqiqləşdirmək vacibdir. Hipovolemiya adətən birincili bir pozğunluğun nəticəsidir və klinik əlamətləri birincili səbəblə yaxından əlaqəlidir. Əlamətlər spesifik deyildir və halsızlıq, yorğunluq, baş hərlənməsi, əzələ spzamı, susuzluq kimi əlamətləri əhatə edir. Fiziki müayinə əlamətlərinə quru selikli qişa , dəri turqorunun azalması, ortostatik taxikardiya və hipotenziya daxildir. Hipovolemiyalı xəstədə periferik vazokonstriksiya, siyanoz , oliquriya və nevrotik pozğunluq varsa şoka çevrilmə riski yüksəkdir.

Diaqnoz : Hipovolemiyanın ən sadə və sürətli diaqnostik üsulu arterial qan təzyiqinin ölçülməsidir. Bununla yanaşı qalıq azot (BUN ) , qanda və sidikdə natrium, hematokrit və qan qazı analizləri etioloji səbəblərinin aydınlanmasına kömək edir. Mərkəzi venoz təzyiq (CVP ) və intratorakal qan həcmi indeksi ( İTBVİ ) kimi təkmil müayinə üsulları ürəyin ön yükünü qiymətləndirmədə və maye resustasiyasını tənzimləmək üçün istifadə edilir. Passiv ayaq qaldırma testi ( passive leg raise test ) hipovolemiyanı dəyərləndirmədə istifadə edilir, ancaq tətbiqi bir qədər zəhmət tələb edir.

Point-of- care ultrasonography (POCUS )hipovolemiyanın vəziyyətini təxmin etməyə kömək edən etibarlı, invaziv olmayan və asan istifadə oluna bilən bir metoddur. Mərkəzi venoz təzyiqi, inferior vena kava və internal yuqulyar vena diametrini ölçmək üçün istifadə edilə bilər. Həmçinin, POCUS maye resustasiyasına verilən cavabın bir ölçüsü kimi xidmət göstərə bilər və müalicəni yönləndirə bilər.
Hemodinamik parametrlər daha dəqiq məlumat verirlər. Ön yük və sağ atrium təzyiqi , arterial qan təzyiqi , nəbz təzyiqi və ya atım həcmindəki dəyişikliklərdən istifadə edərək sistolik təzyiq fərqini, nəbz təzyiqi fərqini,və atım həcmi fərqini hesablaya bilərik.

Müalicə : Kəskin hipovolemik hallar sürətlə şoka səbəb ola bilər və təcili maye resustasiyası və vazopressor dəstəyi lazımdır. Xronik hallarda mərhələli şəkildə intravaskulyar həcmin bərpası düşünülə bilər. Resustasiya üçün spesifik intravenoz maye mövzusunda çox müzakirələr aparılmışdır. Bir neçə meta-analiz kolloid məhlulların mortallığı artırdığını göstərmişdir. Halhazırda kristalloid məhlullar standart müalicə seçimi olmaqda davam edir. İntravenoz maye seçildikdən sonra həcm vəziyyətini qiymətləndirmək və müalicəni istiqamətləndirmək üçün müxtəlif ölçümlər istifadə edilə bilər.

  • Sidik ifrazını ölçə bilmək kateter qoyulması.
  • Arterial təzyiqi və sistolik təzyiq fərqlərini ölçə bilmək üçün arterial kateter yerləşdirilməsi.

Hipovolemiya zamanı qoyulan hədəflərə çatandan sonra həddən artıq maye yüklənməsinin qarşısını almaq üçün maye tətbiqini dayandırmaq lazımdır.

Mənbə:https://www.ncbi.nlm.nih.gov/books/NBK565845/

Yazan: Piriyev Xalid ( TTTY həkim )

teciliyardim.com

Bu saytın yaradılmasında məqsədimiz Azərbaycan dilində təcili tibbi yardım haqqında elektronik elmi baza yaratmaq, tibbi və elmi yenilikləri paylaşmaq, akademik məlumatlar toplamaqdır. Sayt tibb işçiləri üçün nəzərdə tutulub. Sayt təkmilləşdirmə mərhələsindədir. Əlbətdəki nöqsanlarımız olacaq və bu qüsurları ortadan qaldırmaq üçün çalışacağıq. Bizə dəstək olaraq irad və təkliflərinizi əlaqə bölməsindən göndərməyiniz bizi şad edərdi.

Əlaqə

WordPress.com Bloqu.