Nəbzsiz Elektrik Aktivliyi

Nəbzsiz Elektrik Aktivliyi ( NEA ) ürəyin kifayət qədər elektrik fəaliyyətinin olmasına baxmayaraq reaksiya verməməsi və palpasiya edilməyən nəbz ilə xarakterizə olunan klinik bir haldır. Bu hal həmçinin elektromexanik dissosasiya ( ayrılma ) kimi də tanınır.

Ventrikulyar impuls əksikliyi adətən ventrikulyar yığılmanın olmadığına işarə edir, ancaq bunun əksi hər zaman doğru olmur. Yəni elektrik fəaliyyəti yığılma üçün uyğundur, ancaq yığılmanın baş verməsi üçün kifayət qədər deyil. Ventrikulda mexaniki aktivlik yaradaraq hiss edilə bilən bir nəbz təşkil etmək qabiliyyəti olmur. Ürəyin elektrik fəaliyyəti ilə mexaniki fəaliyyəti arasında əlaqə itir.

Defibrilyasiyadan sonra ən çox qarşılaşılan haldır. Özündə supraventrikulyar ( sinus və nonsinus ) və ventrikulyar ritmlər ( sürətləndirilmiş idioventrikulyar və ya qaçış ) daxil olmaqla bir sıra ürək ritmini əhatə edir.

Həqiqi NEA: Son illər aparılan təcrübələrlə bütün NEA-ların eyni olmadığı görüldü. POCUS ( Point of Care Ultrasound ) tibbin digər sahələrində olduğu kimi resustasiyada da istifadə edilməyə başlandı. Həqiqi NEA, monitorda ritm görülməsinə baxmayaraq ultrsəsdə kardial aktivliyin olmamasıdır.

Psevdo NEA: Monitorda ritm görülməsi ilə birlikdə ultrasəsdə də kardial aktivlik görülür, ancaq nəbz palpasiya edilmir.

Etiologiya: NEA etiologiya baxımından birincili, yəni kardial və ikincili , yəni kardial olmayan siniflərə ayrılır.

Kardial arrestin səbəb olduğu birincili NEA miokardın enerji rezervlərinin tükənməsi ilə əlaqəlidir. Aparılan müalicəyə pis cavab verir.

İkincili NEA səbəblərinə 5 H və 5 T daxildir. Bunlar aşağıdakılardır:

5 H

  • 1.Hipovolemiya
  • 2.Hipoksiya
  • 3.Hidrogen ionu ( asidoz )
  • 4.Hipo/hiper kalemiya
  • 5.Hipotermiya

5 T

  • 1.Tension ( gərginlik ) pnevmotoraksı
  • 2.Travma
  • 3.Tamponada
  • 4.Tromboz , pulmonar
  • 5.Tromboz, koronar

Müalicə: NEA – da ilk addım təkmil həyat dəstəyi protokoluna uyğun olaraq döş qəfəsi kompressiyalarına başlamaq və ardından hər 3- 5 dəqiqədə bir epinefrin istifadə etmək tövsiyyə olunur. Eyni zamanda geri döndürülə bilən səbəblər araşdırılmalıdır. Diaqnoz qoyulduqdan sonra dərhal spesifik müalicəyə başlamaq lazımdır: pnevmotoraks üçün dekompressiya, tamponada üçün perikardial drenaj, hipovolemiya üçün maye infuziyası, hipotermiya üçün bədən hərarətinin bərpası, miokard infarktı və ya pulmonar emboliya üçün trombolitiklərin istifadəsi. Resustasiya zamanı arterial qan qazı və elektrolitlər əldə olunmalıdır.

Proqnoz: Optimal kardiopulmonar resustasiyaya baxmayaraq NEA yüksək ölüm riski daşıyır. 150 nəfər xəstə üzərində aparılan təcrübədə 23 % xəstə həyata geri döndürülmüşdür və bunlardan 11 % -i xəstəxanadan buraxılana qədər sağ qalmışdır.

Mənbə :https://www.ncbi.nlm.nih.gov/books/NBK513349/

https://emedicine.medscape.com/article/161080-overview

https://litfl.com/pulseless-electrical-activity

https://acilci.net/nabizsiz-elektriksel-aktivite

https://www.acilcalisanlari.com/nabizsiz-elektriksel-aktivite-nea.html

Yazan: Piriyev Xalid (TTTY həkim)

teciliyardim.com

Bu saytın yaradılmasında məqsədimiz Azərbaycan dilində təcili tibbi yardım haqqında elektronik elmi baza yaratmaq, tibbi və elmi yenilikləri paylaşmaq, akademik məlumatlar toplamaqdır. Sayt tibb işçiləri üçün nəzərdə tutulub. Sayt təkmilləşdirmə mərhələsindədir. Əlbətdəki nöqsanlarımız olacaq və bu qüsurları ortadan qaldırmaq üçün çalışacağıq. Bizə dəstək olaraq irad və təkliflərinizi əlaqə bölməsindən göndərməyiniz bizi şad edərdi.

Əlaqə

WordPress.com Bloqu.