Ventrikulyar fibrilyasiya.

Ventrikuyar fibrilyasiya terminal bir aritmiyadır. Qəfləti koronar ölümlərin ən çox rast gəlinən səbəbidir. Sürətli və nizamsız elektrik aktivliyi ventrikulların sinxron şəkildə yığılmasını pozur, sadəcə titrəməsinə səbəb olur və kardial output-ın olmadığı bir döyünməyə çevrilir. Bu andan sonra ürək pompa funksiyasını itirir və titrəşən bir orqan olur. Saniyələr içində asistoliya yaranır. Təcili şəkildə defibrilyasiya edilməzsə ölüm qaçınılmaz olur.

EKQ əlamətləri:

  • Dəyişkən yüksəklikdə qarmaqarışıq nizamsız dalğalar
  • Qeydə alına bilən P dalğası, QRS kompleksi, T dalğası yoxdur
  • Dəqiqədə 150 -500 vurğu
  • Yüksəklik zamanla azalır ( qaba VF => incə VF )

Mənbə :lifeinthefastlane.com – ECG library

VF -nın yaranma mexanizmləri tam olaraq aydın deyil, müxtəlif nəzəriyyələr mövcuddur.

Çoxlu siqnal mexanizmi : Çox sayda kiçik dövr edən siqnallar yaranmışdır. Fibrilyasiya , siqnalların bəziləri tərəfindən yaradılan re-entry həlqələri tərəfindən təşkil olunur.

Ana çarx mexanizmi : Stabil bir re- entry həlqəsinin , ” ana çarx” -ın yarandığı hal . Ana çarx anstabil “uşaq ” dalğaları yaradır və bu EKQ -də qarmaqarışıq elektrik aktivliyi ilə nəticələnir.

VF -yə səbəb olan hallar :

  • İşemik ürək xəstəlikləri (Miokard işemiyası/ infarktı )
  • Kardiomiopatiyalar
  • Brugada sindromu
  • Xəstəliklərin terminal halı
  • Aortal stenoz
  • Aortal disseksiya
  • Pulmonar emboliya
  • Miokarditlər
  • Perikardial tamponada
  • Kongenital ürək xəstləlikləri
  • Küt travma ( Commotio Cordis ), elektrik vurması, boğulma, hipotermiya
  • Bronxospazm, aspirasiya, yuxu apnesi
  • Elektrolit pozğunluqları
  • Dərmanlar ( məs. AF + WPW olan xəstədə verapamil)
  • Sepsis
  • Qıcolma
  • Serebro vaskulyar xəstəliklər
  • Gərginlik pnevmotoraksı
  • Kanalopatiyalar
  • Ürək blokadası
  • Pulmonar hipertenziya

Əlamətlər: huşun itməsi, qıcolma, apne ardınca keçici gasping, nəbz və ürək səslərinin olmaması.

Müalicə: VF dərhal tanınmalıdır və defibrilyasiya edilməlidir. Defibrilyator hazır olana qədər kardiopulmonar resustasiyaya başlamaq lazımdır. Bifazalı defibrilyatorla 150- 200 j şok verin (joule=watt/saniyə). Sonrakı şoklar üçün eyni və ya daha yüksək enerji verin. Monofazalı defibrilyatorlarda 1-ci və sonrakı şoklar üçün bu göstərici 360 j-dur. 2 dəqiqəlik aralarla təkrarlana bilər. Hər şokdan sonra 2 dəqiqə döş qəfəsi kompresiyasına davam etmək lazımdır. Əgər havayolu qorunmayıbsa 30:2 nisbətində davam etmək lazımdır. Havayolu qorunursa kompressiya 100dəfə/dəq. , tənəffüs 10 dəfə/dəq. davam etmək lazımdır. Monitorda ritmin varlığını və nəbzi qiymətlndirmək üçün çox qısa bir fasilə vermək lazımdır.

2-ci şokdan sonra defibrilyasiya uğursuz olarsa 1:10 000 Adrenalin (epinefrin) 1 mq (10 ml ) i.v. vurun. Hər 3-5 dəqiqədən bir qan dövranı spontan geri dönənənə qədər 1 mq i.v. vurun. 3-cü şokdan sonra defibrilyasiya defibrilyasiya uğursuz olarsa 300 mq Amiodaron 20 ml 5% dekstrozada durulaşdırılaraq i.v. bolus şəklində vurulur. Əgər VF davam edirsə bir doza 150 mq Amiodaron təkrarlana bilər. Davamında 900 mq 24 saatlıq infuziya edilə bilər. Amiodaron mövcud deyilsə lidokain 1mq/kq i.v. bolus istifadə edilə bilər. Davamında 0.5 mq/kq olmaqla maksimum 3 doza istifadə edilir. Əgər Amiodaron istifadə edilibsə lidokain vurulmur.

Uşaqlarda monofazalı və ya bifazalı defibrilyatorlarda başlanğıc şok 2 J/kq istifadə edilə bilər. Sonrakı şoklarda 2-4 j/kq, 4 j/kq, 4-10 j/kq və yetişkin dozasına qədər yüksəltmək olar. Adrenalinin uşaq dozası 10 mkq/kq maksimum 1 mq-dır. Amiodaron uşaq dozası 5 mq/kq maksimum 300 mq-dır.

Şok verildikdən sonra VF -nın ən azı 5 saniyə dayanması uğurlu hesab edilir. VF-nın təkrarlanması şokun uğursuz olduğu mənasına gəlməz. Şok sonrası ritm miokardın oksigenizasiyasından asılıdır. Uğurlu defibrilyasiya etmək ehtimalı zamanla əlaqəli azalır. VF dərhal defibrilyasiya edilməzsə dəqiqələr içində asistoliyaya çevrilir. Yaşamaq şansı defibrilyasiya edilənə qədər hər dəqiqədə 7-10 % azalır. İlk şok VF -nı sonlandırmırsa , ikinci şokun sonlandırma ehtimalı çox azdır. İlk şok uğursuzdursa ardınca edilən döş qəfəsi kompressiyası miokardın oksigenizasiyasını yaxşılaşdırır və növbəti şokun uğurlu olma ehtimalınıartırır. Şahidi olan kardial ölümlərdə defibrilyasiya olunana qədər ilk dəqiqələrdən başlanan doğru kardiopulmonar resustasiya yaşamaq şansını 2-3 dəfə artırır.

Mənbə : 5 dakikada acil tıp rehberi. Ventriküler fibrilasyon.

Acil tıp tanı ve tedavi 7. baskı . səh 7-8.

https://www.acilcalisanlari.com/ventrikuler-fibrilasyon-vf.html

https://acilci.net/ventrikuler-fibrilasyon

https://litfl.com/ventricular-fibrillation-vf-ecg-library

Yazan: Piriyev Xalid (TTTY həkim)

teciliyardim.com

Bu saytın yaradılmasında məqsədimiz Azərbaycan dilində təcili tibbi yardım haqqında elektronik elmi baza yaratmaq, tibbi və elmi yenilikləri paylaşmaq, akademik məlumatlar toplamaqdır. Sayt tibb işçiləri üçün nəzərdə tutulub. Sayt təkmilləşdirmə mərhələsindədir. Əlbətdəki nöqsanlarımız olacaq və bu qüsurları ortadan qaldırmaq üçün çalışacağıq. Bizə dəstək olaraq irad və təkliflərinizi əlaqə bölməsindən göndərməyiniz bizi şad edərdi.

Əlaqə

WordPress.com Bloqu.