Hipertenziv hamilələrdə təcili yardım.

Hamiləliyin hipertenziv pozğunluqları dünyada ana və perinatal ölümlərin öndə gələn səbəblərindən birini təşkil edir. Hamilələrdə kəskin başlayıb, ən azı 15 dəqiqə davam edən hipertenziv halın mərkəzi sinir sisteminin xəsarət almasına səbəb olan risk faktoru olduğu bilinir. Hamiləlik zamanı hipertenziv vəziyyətlərin yaranmasını izah edən bir sıra nəzəriyyələr mövcuddur , ancaq dəqiq səbəbi məlum deyil. Hamiləlik zamanı yaranan hipertenziv pozğunluqlar aşağıdakı kateqoriyalara bölünür.

  1. Hestasion arterial hipertenziya– hamiləliyin 20-ci həftəsi və sonrası proteinuriya və digər əlamətlər olmadan arterial hipertenziyanın yüksəlməsidir.
  2. Xroniki arterial hipertenziya– hamiləliyin 20-ci həftəsinə qədər mövcud olan və doğuşdan 6 həftə keçdikdən sonra saxlanılan hipertenziyadır.
  3. Preeklampsiya/ Eklampsiya– Preeklampsiya, hamiləliyin 20- ci həftəsindən sonra hipertenziyaya proteinuriya və ya proteinuriya yoxdursa trombositopeniya, böyrək çatışmazlığı və pozulmuş qaraciyər fermentləri hallarından birinin əlavə olunmasıdır. Eklampsiya, preeklampsiyası olan hamilələrdə digər beyin pozğunluqlarının təzahürləri ilə əlaqəli olmayan, bir və daha artıq qıcolmanın meydana çıxmasıdır.
  4. Xroniki hipertenziya üstəgəl preeklampsiya– hamiləlik öncəsi xroniki hipertenziyası olan xəstədə preeklampsiyanın inkişaf etməsidir.
  5. HELLP sindromu– ağır preeklampsiyanın klinik əlamətlərini əks etdirir (baş ağrısı, görmə pozğunluğu, sağ qabırğaaltı və epiqastral ağrı, ürəkbulanma və ya qusma, ödemlər və s.) . H- (Hemolysis) hemoliz (bilirubinin səviyyəsinin 2-3 dəfə yüksəlməsi), EL- ( Elevated Liver enzymes) qaraciyər fermentlərinin (ALT, AST) aktivliyinin 2-3 dəfə yüksəlməsi,LP- (Low Platelet count) qanda trombositlərin miqdarının azalması (<100x 10^9/l).

Hamilələrdə hipertenziya aşağıdakı kimi siniflənir:

  • Yüngül hipertenziya: sistolik təzyiq 140 -149 mmHg və /və ya diatolik təzyiq 90- 99 mmHg
  • Orta dərəcə hipertenziya: sistolik təzyiq 150-159 mmHg və /və ya diastolik təzyiq 100- 109 mmHg
  • Şiddətli hipertenziya: sistolik təzyiq ≥ 160 mmHg və/ və ya diastolik təzyiq ≥ 110 mmHg

Hamilələrdə qan təzyiqinin ölçümü üçün manuel sfinqomanometrlər tövsiyyə edilməkdədir, ancaq avtomatik cihazlarda istifadə edilə bilər. Vacib məqamlar bunlardır; manjet ölçüsünün qola uyğun olması, xəstənin oturaq və ya kürəyi üstə yarıoturaq vəziyyətdə təzyiqinin ölçülməsidir. Kürəyi üstə və yanı üstə yataraq ölçmək tövsiyyə edilmir. 4 saat arayla ölçülən 2 yüksək qan təzyiqi diaqnozu təsdiqləyir.

Yüngül hestasion arterial hipertenziya: Maternal və fetal risk gözlənilmir .Dərman müalicəsi tövsiyyə edilmir. Aşağıdakı tövsiyyələrə əməl etmək məsləhət görülür.

  • Həyat tərzini dəyişmək və fiziki aktiv olmaq
  • Duz qəbulunu məhdudlaşdırmaq
  • Siqaret və alkoqol kəsilməli
  • Arterial təzyiqi izləmək
  • Preeklampsiya əlamətlərinə diqqət yetirmək
  • 1-2 həftədə bir hemoqrammı, qaraciyər funksional testləri, sidiyin ümumi analizi
  • Fetusun müayinəsi

Orta hestasion arterial hipertenziya: Ümumi yanaşma dərmansız müalicə və xəstəni yaxından təqib etməkdir. Arterial təzyiqi normal dəyərlərinə qədər salmamaq lazımdır. Sistolik təzyiq 140-150 mmHg, diastolik təzyiq 90 -100 mmHg səviyyəsində saxlanılmalıdır. ≥ 150/100 təzyiq zamanı aşağıdakı dərmanlar tövsiyyə olunur.

  • Metildopa (Dopegit)
  • Labetolol
  • Nifedipin (Korinfar)

Şiddətli hestasion arterial hipertenziya: Dərhal dərman müalicəsinə başlamaq lazımdır.

  • Metildopa
  • Labetolol
  • Hidralazin
  • Nifedipin

Xroniki hipertenziyalı qadınlarda hamiləlikdən əvvəl qəbul edilən AÇF inhibitorlarının, ARB-nın və atenololun qəbulunu dayandırmaq lazımdır. İlkin terapiyada labetalol, nifedipin və ya hidralazin istifadə edilir. Uzun müddətli terapiyada metildopa, metaprolol, klonidin, oksprenolol istifadə edilir. Maqnezium sulfat antihipertenziv məqsədlə istifadə olunmamalıdır.

Şiddətli hipertenziyalar zamanı beynəlxalq protokollar intravenoz labetolol, intravenoz hidralazin və oral nifedipin tövsiyyə edir. Bu dərmanların maternal və fetal əlavə təsirləri digər antihipertenziv dərmanlara görə az olduğu sübut edilmişdir. Buna baxmayaraq bu dərmanların əlavə təsirlərini göz önündə saxlamaq lazımdır.

  • Hidralazin maternal hipotenziya riskini artırır.
  • Labetolol neonatal bradikardiyaya səbəb ola bilər, həmçinin astma , koronar arterial xəstəliyi və kongestiv ürək yetməzliyi olan xəstələrdə istifadəsindən qaçmaq lazımdır.
  • Nifedipin maternal taxikardiyaya səbəb ola bilər. Oral olaraq verilməli , tablet qırılmamalı və ya sublinqual verilməməli.

Hidralazin : 5-10 mq v/d sürətlə, lazım gəldikdə hər 20-30 dəqiqədən bir, arterial təzyiq lazımi səviyyəyə çatana qədər təkrar yeridilə bilər. Təsiri 15-30 dəqiqə ərzində tədricən başlayır, maksimal təsir 20-ci dəqiqədə müşahidə olunur; Arterial təzyiqi endirməyə müvəffəq olunduğu təqdirdə, lazım gələrsə, (adətən 3 saatdan sonra) təkrar təyin etmək olar. Əgər 20 mq vena daxilinə yeridildikdən sonra lazımi effektə nail olunmursa, digər
preparatlardan istifadə etmək lazımdır.

Labetolol : 20 mq birmomentli vena daxilinə, lazımi effekt qeyd olunmursa 10 dəqiqədən sonra 40 mq və hər 10 dəqiqədən bir 2 dəfə 80 mq dozada təkrar yeridilə bilər. Maksimum doza 220 mq-dək olmaqla. Alternativ olaraq, labetololun fasiləsiz infuziyası 1-2 mq/saat təyin edilə bilər. Maksimal effekt yeridildikdən sonra 5 dəq. müddətində əldə olunur; Bronxial astmalı və ürək çatmamazlığı olan qadınlara labetolol preparatını təyin etmək məsləhət görülmür.

Nifedipin : 10 mq daxilə, lazım gələrsə, hər 30 dəqiqədən bir təkrar təyin edilir. Təsiri yavaş başlayır və fəaliyyəti uzunmüddətli olur. Zəif tokolitik təsirə malikdir. Maqnezium-sulfatla birlikdə təyin etmək məsləhət görülmür.

Müqavimət göstərən arterial hipertenziyalar zamanı nikardipin və ya esmolol verilməsi düşünülür. Natrium nitroprussid ehtiyatda saxlanılmalı, çünki maternal və fetal siyanid/tiyosiyanid toksikasiyasına , intrakranial təzyiq artışına bağlı serebral ödemlərin yaranmasına səbəb olur. Ona görə çox qısa müddər istifadəsi düşünülür.

Mənbələr:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ” Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol” 2009-cu il.

Tintinalli Acil Tıp Kapsamlı çalışma klavuzu dokkuzuncu baskı ” Gebeliğin 20 . haftasından sonra və peripatrum dönemde maternal aciller” .

https://www.acilcalisanlari.com/gebelikte-hipertansiyon-acil-yaklasim.html

https://acilci.net/gebelerde-akut-hipertansif-aciller

https://www.ahajournals.org/doi/10.1161/HYP.0000000000000208

Yazan: Piriyev Xalid ( TTTY həkimi)

teciliyardim.com

Bu saytın yaradılmasında məqsədimiz Azərbaycan dilində təcili tibbi yardım haqqında elektronik elmi baza yaratmaq, tibbi və elmi yenilikləri paylaşmaq, akademik məlumatlar toplamaqdır. Sayt tibb işçiləri üçün nəzərdə tutulub. Sayt təkmilləşdirmə mərhələsindədir. Əlbətdəki nöqsanlarımız olacaq və bu qüsurları ortadan qaldırmaq üçün çalışacağıq. Bizə dəstək olaraq irad və təkliflərinizi əlaqə bölməsindən göndərməyiniz bizi şad edərdi.

Əlaqə

WordPress.com Bloqu.